Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Bizim konstitusiyamızın 148-ci maddəsi var və həmin maddə ölkənin Baş nazirinin kim ola biləcəyini müəyyən edir. Bəs 148-ci maddə necə dəyişdirilir? Bu maddə parlament tərəfindən dəyişdirilir. Yəni dəyişiklik konstitusion islahatlar yolu ilə deyil, parlament vasitəsilə həyata keçiriləcək.
Təklifimizin konstitusion və hüquqi cəhətdən qanuni olduğuna əmin olmağınız üçün tanınmış konstitusiya hüquqşünaslarımızın fikirlərini eşitmək istərdik”, - deyə Karapetyan qeyd edib.
Daha sonra erməni vəkil, “Beynəlxalq Müqayisəli Hüquq Mərkəzi”nin prezidenti Siranuş Sahakyanın, hüquq elmləri doktoru Artur Xambaryanın, Konstitusiya Məhkəməsi sədrinin keçmiş müavini Alvina Gülümyanın, İrəvan Dövlət Universitetinin dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri Gevorq Danielyanın və konstitusiya hüquqşünası Vardan Poğosyanın mövqeləri təqdim edilib.
Onlar bildiriblər ki, Baş nazirin seçilmə qaydasına dair konstitusiyanın 148-ci maddəsi Ermənistan parlamenti tərəfindən dəyişdirilə bilər.
Qeyd olunub ki, konstitusiyanın 148-ci maddəsi dəyişdirilməsi qadağan edilən maddələrə aid deyil. Üstəlik, bu maddənin dəyişdirilməsi üçün referendum tələb olunmur. Buna görə də, dəyişiklik üçün Ermənistan parlamenti tərəfindən müvafiq dəyişiklik mətninin qəbul edilməsi kifayətdir. Təşəbbüs irəli sürüldükdən sonra layihə Ermənistan parlamentində səsverməyə çıxarılır və deputatların ümumi sayının üçdə iki səsini toplamalıdır.
148-ci maddə Ermənistan konstitusiyasının 202-ci maddəsinin birinci hissəsində göstərilən və dəyişdirilməsi üçün referendumun məcburi olduğu fəsillər və maddələr siyahısına daxil deyil.
Narek Karapetyan vəd edib ki, seçkilərdə qalib gəldikləri təqdirdə, seçkilərdən 20 gün sonra parlamentdə üçdə iki səs çoxluğu ilə Baş nazirin seçilməsinə dair konstitusiyanın 148-ci maddəsində dəyişiklik edəcəklər. O qeyd edib ki, bu dəyişiklik Ermənistanın istənilən vətəndaşının, o cümlədən Samvel Karapetyanın Baş nazir seçilməsinə imkan verəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan tənzimləmələrə əsasən, yalnız Ermənistan vətəndaşlığı olan şəxs Baş nazir seçilə bilər.
Alpər Mövludoğlu
Ordu.az